İnsan hüceyrəsindəki cildlərlə məlumat

DNT-də saxlanılan məlumat əhəmiyyət verilməyəcək qədər lazımsız deyil. Belə ki, insanın tək bir DNT molekulunda tam bir milyon ensiklopediya səhifəsini və ya başqa bir sözlə təxminən 1000 kitabı dolduracaq miqdarda məlumat vardır. Diqqət edin, tam 1 000 000 ensiklopediya səhifəsi və ya 1000 kitab deyilir. Yəni, hər bir hüceyrənin nüvəsində, insan bədəninin funksiyalarına nəzarət etməyə imkan verən bir milyon səhifəlik bir ensiklopediyanın tuta biləcəyi miqdarda məlumat kodlanmışdır. Bir nümunə vermək istəsək, dünyanın ən böyük ensiklopediyalarından biri olan 23 cildlik “Encyclopedia Britannica”nın belə cəmi 25 min səhifəsi vardır. Belə olduqda, qarşımıza inanılmaz bir mənzərə çıxar. Mikroskopik hüceyrənin içindəki, ondan xeyli kiçik bir nüvədə olan bir molekulda, milyonlarla məlumat ehtiva edən dünyanın ən böyük ensiklopediyasının 40 misli böyüklüyündə bir məlumat anbarı gizlənmişdir. Bu da təxminən 1000 cildlik, dünyada başqa nümunəsi, bənzəri olmayan nəhəng bir ensiklopediya deməkdir. Hər gün 24 saat ərzində heç dayanmadan hər saniyədə insanın gen məlumatlarından biri oxunsa, bu əməliyyatın tamamlanması üçün 100 il keçməlidir. DNT-dəki məlumatın kitab halına gətirildiyini fərz etsək, bu kitabları üst-üstə qoyduğumuz təqdirdə, kitabların hündürlüyü 70 metrə çatacaq. Əgər DNT-dəki məlumatları kağız üzərinə köçürsək kağızların uzunluğu Şimal Qütbündən Ekvatora qədər uzanacaqdır.
Bu nümunələr, DNT-nin nə qədər böyük bir məlumata sahib olduğunun bir göstəricisidir. Yaxşı, amma bir molekulun məlumat sahibi olmasından necə danışa bilərik? Çünki, burada haqqında danışdığımız bir kompyuter və ya kitabxana deyil, yalnız zülal, yağ və su molekullarından ibarət olan, millimetrin yüz mində biri qədər kiçiklikdəki bir sahədir. Bu kiçik şüursuz atomlardan ibarət olan sahədə, nəinki milyardlarla məlumat, tək bir məlumatın mövcud olması və bu məlumatın mühafizə edilməsi belə olduqca heyrətamiz bir möcüzədir.


İndiki vaxtda, məlumatın saxlandığı ən qabaqcıl texnologiya kompyuterlərdir. Bundan 50 il əvvəl otaq böyüklüyündəki bir kompyuterin sahib ola bildiyi məlumatı, bu gün kiçik “disk”lər tuta bilir. İnsan zəkasının əsrlərdir əldə etdiyi bilik və illərlə davam edən səyləri nəticəsində yaratdığı bu son texnologiya belə, hələ tək bir hüceyrə nüvəsinin məlumat saxlama tutumuna yaxınlaşa bilməmişdir. Belə böyük bir tutuma sahib olan DNT-nin kiçikliyini əks etdirmək üçün məşhur mikrobiologiya professoru Maykl Dentonun apardığı bu müqayisə izah etməyə kifayətdir:


Bu günə qədər yaşamış, gəlib-getmiş hər canlı növünün bütün xüsusiyyətləri məlumat halında DNT-yə yüklənsə ümumi DNT həcmi bir çay qaşığının ancaq kiçik bir hissəsini doldurardı. Həmçinin geridə bu ana qədər yazılmış bütün kitablardakı məlumatları saxlaya biləcək qədər boşluq qalardı.


Gözlə görə bilmədiyimiz, diametri metrin milyardda biri böyüklüyündə olan, atomların yan-yana düzülməsiylə meydana gəlmiş bir zəncir, görəsən belə bir məlumata və hafizəyə necə sahib ola bilər? Bu suala bunu da əlavə edin: Bədəninizdəki 100 trilyon hüceyrədən hər biri bir milyon səhifəni əzbər bildiyi halda, görəsən siz ağıllı və şüurlu bir insan olaraq həyatınız boyu neçə ensiklopediya səhifəsini əzbərləyə bilərsiniz? Daha da əhəmiyyətlisi, hüceyrə bu məlumatları qüsursuzca, olduqca sistemli və planlı bir şəkildə və əsla səhv etmədən lazımi yerlərdə istifadə edir. Hətta hələ insan yaranmadan əvvəl, artıq hüceyrələri fəaliyyət halında olaraq onu inşa etməyə başlamışdır.

 

İnsanın özül daşı hüceyrələr...
Bir yumurtanın spermatozoidlə mayalanması, yeni bir insan həyatının ilk başlanğıcıdır. Milyonlarla sperma, yumurtanı qidalandırmaq üçün bir-biriylə yarışar və nəticədə biri qalib gələr. Ancaq bu təsadüfə əsaslanan bir yarış deyil, hər mərhələsi Allah tərəfindən taledə müəyyənləşdirilərək yaradılmışdır. Allah, Quranda bu həqiqəti insanlara belə bildirir:

 

Sizi Biz yaratdıq. Bəs nə üçün dirildiləcəyinizi təsdiq etmirsiniz? Axıtdığınız nütfəni gördünüzmü? Onu siz yaradırsınız, yoxsa Biz? (Vaqiə surəsi,  57-59)

 

Atanın sperma hüceyrəsi ananın yumurta hüceyrəsini mayalandırdığı vaxt, doğulacaq körpənin bütün irsi xüsusiyyətlərini müəyyənləşdirmək üçün atanın və ananın genləri birləşər. Bu minlərlə gendən hər birinin xüsusi bir funksiyası var. Saç və göz rəngini, üzünün formasını, skelet tavanındakı, daxili orqanlardakı, beyin, sinirlər və əzələlərdəki saysız-hesabsız təfərrüatı müəyyənləşdirən genlərdir.


Sperma ilə yumurta hüceyrəsi birləşdikləri vaxt əmələ gələn bu hüceyrə ilə birlikdə, insanın həyatının sonuna qədər hər hüceyrəsində şifrəsini daşıyacağı DNT molekulunun də ilk surəti meydana gəlmiş olar.
Mayalanmış yumurta dediyimiz o ilk hüceyrə bir insana çevrilmək üçün, çoxalmalıdır və bunun bilirmiş kimi hüceyrə bölünməyə başlayır. Hüceyrələr bölündükcə bir-birindən fərqli hüceyrələr əmələ gəlir, bədəndə lazımlı yerlərə gedirlər. Eyni hüceyrələrdən əmələ gələn bir ət parçası deyil, bir qismi, məsələn göz hüceyrəsi olub tam olmalı olduğu yerə, bir hissəsi ürəyi əmələ gətirib döş qəfəsindəki yerinə gedər və ya dəri hüceyrəsi olaraq bütün bədəni örtər. Bütün hüceyrələr, əmələ gətirəcəkləri toxumanın tələb etdiyi qədər çoxalar və bu toxumalar da lazımi quruluşu əmələ gətirmək üçün yan-yana gələrək orqanları əmələ gətirməyə başlayarlar.
Bu fərqlənmə və koordinasiya strukturu DNT molekulu tərəfindən təmin edilir. Bunu unutmamaq lazımdır ki, DNT nə ən son texnologiyayla təchiz edilmiş laboratoriyalarda çalışan bir biokimyaçı, nə də saniyədə trilyonlarla əməliyyat apara bilən bir super-kompyuterdir. DNT, karbon, fosfor, azot, hidrogen və oksigen kimi atomlardan əmələ gələn bir molekuldur.


İndi düşünək və öz-özümüzə sual verək: İnsan bədənində mövcud olan trilyonlarla hüceyrə, bir-birindən bölünmə yoluyla çoxalır. Ancaq hər hüceyrədəki fərqli gen müxtəlif vaxtlarda aktivləşir və bu şəkildə hüceyrələrdə müxtəliflik əmələ gəlir. Digər bir sözlə, ilk hüceyrədən sonra bölünərək çoxalan hər hüceyrədə, bütün genetik məlumatlar vardır, yəni hər hüceyrə əslində ürək əzələsi, dəri, qırmızı qan hüceyrəsi və ya bədənin hər hansı başqa bir toxumasını əmələ gətirmə qabiliyyətinə malikdir. Hər hüceyrə o bədən üçün tam bir DNT tərifinə sahib olsa da, inkişafın müxtəlif mərhələlərində və müxtəlif orqanlarda yalnız bəzi genlər aktiv halda olur. Məsələn, böyrək əmələ gəlmə və funksiya kodları hər hüceyrədə mövcuddur, ancaq yalnız əlaqədar genlər inkişaf əsnasında, müəyyən vaxtlarda, bu orqanda aktiv olur.  Eynilə, müəyyən fermentlər məsələn, qlükoza 6- fosfat əsasən qaraciyərdə mövcuddur, lakin digər orqanların hər hüceyrəsi bu zülalın reseptinə sahibdir, amma əsla bu zülalı ifraz etməz. Məsələn, göz hüceyrəsi bu fermenti ifraz etməz, göz üçün lazım olan fermentləri ifraz edər, sinir hüceyrələri beyin və orqanlar arasında gedib gələn xəbərdarlıq və əmrləri daşıyacaq, qaraciyər hüceyrələri toksinləri zərərsiz hala gətirəcək və yağ hüceyrələrini ehtiyac olan dövrlərdə istifadə etmək üçün ehtiyatda saxlayacaq şəkildə ixtisaslaşarlar. Heç biri mədə ilə əlaqədar fermentləri ifraz etmək kimi bir səhv etməz. Bəs bu qüsursuz bölgünü kim aparır? Hüceyrələrə bölünmə və bölündükdən sonra müxtəlif mövzularda ixtisaslaşma əmrini kim verir? Həmçinin, bütün hüceyrələr itaət edə biləcək şüura necə sahib olmuşdur və bəzən dinləyərək belə qüsursuz bir nizam-intizam halında və sistemli şəkildə çalışırlar? Bunlardan heç birinin təsadüfən baş verən hadisələrin təsiri nəticəsində əmələ gəlmiş təsadüfi sistemlər olmadığı olduqca aydındır.


Hüceyrələrin yalnız doğru zamanda doğru yerdə olmaları və doğru genləri aktiv hala gətirmələriylə də bu qüsursuzluq qurtarmır. Hüceyrələr həmçinin həyatın lazımi mərhələsində, lazımi miqdarda olmalıdırlar. Bəzi “qulluqçu” genlər, demək olar ki, bütün hüceyrələrdə həmişə fəaliyyət göstərir. Digər genlər, yalnız bəzi hüceyrələrdə adamın həyatındakı tək münasib, kritik bir dövrdə, bir neçə saatdan az bir müddətdə öz funksiyasını yerinə yetirər, sonra bir daha fəaliyyət göstərmək üçün gözləmə rejiminə keçər. Məsələn, əmizdirmə əsnasında süd ifrazı genlər tərəfindən sürətləndirilir. Mövcud məlumat tam vaxtında, müvafiq miqdarda və müvafiq yerdə hərəkətə keçirilir. DNT-də yerləşmiş milyardlarla məlumatın bu qədər şüurlu, planlı, iradəli, hesablı və ağıllı şəkildə idarəsi və istifadəsi, əsla təkamülçülərin “təsadüf” iddialarıyla izah oluna bilməz. Dünyada mövcud olan heç bir sistemin ən sadəsi belə təsadüfən əmələ gələ bilmədiyi halda, mikroskopik bir sahədə baş verən fövqəladə planlı və mütəşəkkil hadisələrin səbəbini təsadüflərlə əlaqələndirmək böyük bir məntiqsizlikdir. Necə ki, təkamülçülər də hüceyrələrdəki bu fərqlənməyə və qüsursuz vəzifə bölgüsünə bir izah verməkdən çox uzaq olduqlarını qəbul edirlər. Təkamülçü mikrobiologiya professoru Əli Dəmirsoy bunu etiraf edir:


Əslində, mayalanmış bir yumurtadan çox müxtəlif quruluşa və funksiyalara sahib bir çox hüceyrə qrupunun əmələ gəlməsi indiyə qədər qane edici bir şəkildə izah edilə bilməmişdir.

 

Bütün bu fövqəladə hadisələrin, təsadüflərin və ya hüceyrənin əsəri ola bilməyəcəyi aydındır. Bəs, hüceyrədə baş verən bu hadisələri idarə edən, müəyyən bir məqsədlə yaradan, milyardlarla məlumatı, gözlə görülməyəcək qədər kiçik bir sahəyə yerləşdirən ağıl və güc kimə aiddir?