Hüceyrədəki ağıl

Bu vəziyyətdə bunu qəbul etmək lazımdır ki, mədədəki ya da qulaqdakı hər hansı bir hüceyrə insandan qat-qat daha məlumatlı olduğu və bu məlumatı ən doğru və ən qüsursuz şəkildə qiymətləndirə bildiyi üçün insandan xeyli ağıllıdır.


Bəs bu ağlın qaynağı nədir? Necə olar ki, insan bədənindəki 100 trilyon hüceyrənin hər biri ayrı-ayrılıqda bu cür inanılmaz bir ağla, məlumata və bacarığa sahib ola bilər? Bunlar nəticə etibarilə atomlardan əmələ gəlmiş və şüuru olmayan strukturlardır. Qabağımıza bütün elementlərin atomlarını qoyub müxtəlif formalarda və sayda bir-birlərinə bağlayaraq milyonlarla müxtəlif molekul əmələ gətirsək, yenə də ağıl əldə edə bilmərik. Bu molekulların böyük, kiçik, sadə və ya mürəkkəb olması da heç nəyi dəyişdirməz. Nəticə etibarilə, şüurlu surətdə bir işi planlaşdırıb yerinə yetirməyi bacaracaq bir zehin əsla ortaya çıxmaz.


Onda necə olur ki, müəyyən saydakı ağılsız və şüursuz atomun müəyyən formalarda düzülməsindən əmələ gələn DNT molekulu və onunla uyğun surətdə çalışan fermentlər bir çox şüurlu işlər görüb, hüceyrədəki saysız-hesabsız mürəkkəb və müxtəlif əməliyyatları qüsursuz və mükəmməl şəkildə icra edə bilirlər? Bunun cavabı çox sadədir, ağıl bu molekullarda ya da bunları içində saxlayan hüceyrədə deyil, bu molekulları bu işləri görəcək şəkildə proqramlaşdırılmış surətdə yaradanın Özündədir. Bir sözlə, ağıl əsərdə deyil, o əsəri Yaradandadır.


Ən inkişaf etmiş kompyuter belə, onu incəliklərinə qədər dizayn edən, hazırlayan, onu işlədəcək proqramları yazıb ona yükləyən və istifadə edən bir ağıl və zəkanın məhsuludur. Eynilə, hüceyrə də, içindəki DNT və RNT-lər də, bu hüceyrələrdən əmələ gələn insan da, özlərini və gördükləri işləri yaradanın əsəridirlər. Əsər nə qədər mükəmməl, qüsursuz və təsirli olursa olsun, ağıl həmişə o əsərin sahibinə aid olur.


Stolunuzun üstündəki dəftərə yazılmış tək bir mənalı cümlə belə görsəniz, bunu kimin yazmış olduğu sizi maraqlandırar. Dəftər ilə qələmin və ya mürəkkəbin təsadüfən bir yerə gələrək, küləyin təsiriylə bu cümləni yazdığını əsla düşünməzsiniz. DNT-də isə milyardlarla məlumatdan söhbət gedir və bu məlumatların hər biri bir insan üçün olduqca həyati əhəmiyyətə malikdir.


Bəs eyni sualı niyə hüceyrə üçün soruşmuruq? Dəftərinizdəki və ya kompyuterinizdəki məlumatlar bəzi şəxslər tərəfindən oraya yazılmışsa, bunlardan xeyli üstün və qabaqcıl bir texnologiyaya sahib olan DNT, kim tərəfindən ən mükəmməl şəkildə yaradılıb, həm ayrı bir möcüzə olan balaca hüceyrənin içinə diqqətlə yerləşdirilmiş, həm də minlərlə il əvvəldən dövrümüzə qədər heç bir xüsusiyyətini itirməmişdir? Sizin üçün bu sətirləri oxumağınız, görməyiniz, nəfəs almaq, düşünmək, bir sözlə yaşamanız və yaşaya bilməniz üçün hər an fəaliyyət halında olan bu hüceyrələrin kim tərəfindən və nə məqsədlə yaradıldığını soruşmaqdan daha əhəmiyyətli nə ola bilər?


Sizcə həyatda ən çox diqqət etməli olduğunuz, bu sualın cavabı deyilmi? Səmaya baxdığınız vaxt gördüyünüz Günəşdən bədəninizdəki DNT-lərinizə qədər hər şeydə möhtəşəm bir yaradılış, plan və nizam vardır. Bunların hər hansı birini təsadüflərin nəticəsi hesab etmək isə, əsla qəbul və ciddi hesab edilə bilməyəcək bir iddiadır.

Heç bir şey təsadüfən baş verməz
Bəzi binaların qabağındakı çiçəklərin bəzən binanın adı yazılacaq şəkildə düzülməsiylə mütləq rastlaşmısınızdır. Uzaqdan və ya təpədən baxdığınız vaxt, çiçəklərlə binanın və ya şirkətin adının yazılmış olduğunu dərhal görə bilərsiniz. Bu, çiçəklərin orada təsadüfən böyümədiklərinin, bağbanlar və landşaft memarları tərəfindən müəyyən ardıcıllıqla əkildiyinin bir göstəricisidir. Siz bağbanları bu işi görərkən görməmiş ola bilərsiniz, ancaq çiçəklərlə yazılmış adı gördüyünüz vaxt bunu başa düşərsiniz və ya dostlarıyla söz oyunu oynadıqdan sonra, hərfləri stolun üstündə qarışmış halda buraxıb getdiyinizi düşünək. Qayıtdığınız vaxt stolun üstündəki hərflərlə “OYUNU MƏN UDDUM” yazdığını görsəniz, bunu yazan birinin olduğunu dərhal başa düşərsiniz. Heç vaxt bağçadakı çiçəklərin təsadüfi düzülüşlərlə binanın adını yazdığını düşünməyəcəyiniz kimi, hərflərin də təsadüfən yan-yana gələrək bu mənalı cümləni təsadüfən meydana gətirdiyini düşünməzsiniz. Bir sözlə, bir yerdə bir məqsədə xidmət edən bir dizayn varsa, bunun mütləq bir dizayneri olduğunu bilərsiniz. Siz bu dizayneri görməmiş ola bilərsiniz, ancaq əsərindən və ya arxasında buraxdığı izdən onun varlığını və məqsədini başa düşərsiniz.


Bu nümunələrlə bunu izah etmək istəyirik: Əgər bir yerdə ən kiçik bir plan varsa, orada mütləq bir ağıl sahibinin izləri vardır. Heç bir ağıl məhsulu təsadüfən meydana gəlməz. Məsələn, bir dağın üstündə trilyonlarla dəfə ağ daşlar diyirləndirsəniz, bir binanın adının təsadüfən meydana gəldiyini görə bilməzsiniz. Əgər bir yerdə bir söz, cümlə varsa, hər kəs qəbul edər ki, mütləq o söz biri tərəfindən yazılmışdır. Yazıçısız söz, dizayneri olmayan dizayn olmaz.


İnsanın bədəni isə, bir bina adından və ya “Oyunu mən qazandım” cümləsindən trilyonlarla dəfə daha mürəkkəb bir quruluşa malikdir və bu mürəkkəb quruluşun özbaşına ya da “təsadüfən” əmələ gəlmiş olması qətiyyən amma qətiyyən mümkün deyil. Üstəlik milyonlarla ildir ki, milyardlarla canlının sahib olduğu trilyonlarla DNT, heç bir qüsura sahib olmadan, ən mükəmməl halıyla yazılır, gözlə görülməyəcək qədər kiçik bir məkana yerləşdirilir və ən ağıllı şəkildə istifadə edilir. Elə isə insanı da, onun hüceyrəsini də, DNT-ni də qüsursuz və mükəmməl bir şəkildə planlaşdırıb əmələ gətirən bir Yaradıcı vardır. Bunun əksini iddia etmək, ağlın hüdudlarından kənara çıxıb həqiqətlərə, ağ;la və məntiqə hücum etmək deməkdir.


Halbuki, çox təəssüf ki, hərflərin öz-özlərinə düzülüb üç kiçik sözü belə yaza bilmələrinin qeyri-mümkün olduğunu bir dəfəyə deyəcək bir çox adam, milyardlarla atomun tək-tək planlanmış bir düzülüşlə bir yerə gəlib DNT kimi möhtəşəm işlər bacara bilən bir molekul meydana gətirməsinin “təsadüflər” nəticəsində olduğu yalanını etiraz etmədən dinləyə bilir. Bu eynilə hipnoz edilən bir adamın edilən təlqinlə, özünün bir qapı, ağac və ya kərtənkələ olduğuna etiraz etməməsi və bunu qəbul etməsinə bənzəyir.

 

DNT-dəki qüsursuz yaradılışın nümunələri bunlarla məhdudlaşmır. Allah, məlumatların DNT-də şifrələnməsini çox möhtəşəm və heyrətləndirəcək şəkildə yaratmışdır.